• Məmmədov Hafiz

    Hüquqşunas

  • Ələkbərova Aybəniz

    Hüquqşunas

  • Əliyeva Sevinc

    Direktor

  • Günel İsmayılbəyli

    Baş Hüquqşunas

Ailədə uşağın valideynlərindən biri ilə xarici ölkəyə getməsi üçün hər ikisinin razılığl olmalıdırmı? Valideynlər boşanmışsa bu hal necə tənzimlənir?

Qanunvericiliyə əsasən, 18 yaşına çatmamış şəxs ölkəni tək tərk etdikdə hər iki valideyinin, valideynlərdən biri ilə getdikdə digər valideyinin notariat qaydasında təsdiq olunmuş razılığı tələb olunur. Bu tələb valideynlər boşandıqda da tətbiq olunur, yəni ki, ərlə arvad boşansa da onlar uşağın valideyini olaraq qaldıqları üçün yektinlik yaşına çatmayan şəxs ölkəni tərk etdikdə valideynlərin razılığı tələb olunur. 
Miqrasiya Məcəlləsinin 11.2-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Bu hal həmçinin, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzim olunur. Həmin Qanunun 2-ci maddəsinə görə, 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
18 yaşına çatmamış vətəndaşın daimi yaşayış üçün ölkədən getməsinə yalnız onun valideynlərinin hər birinin və ya qanuni nümayəndəsinin yazılı şəkildə ifadə edilmiş və notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı olduqda yol verilir.

Xaricdə biznes və ya istirahət məqsədli səfərdə olarkən xarici passportunuz itərsə, necə hərəkət etməlisiniz?

qısaca olaraq bildiririk ki, ilk növbədə xarici passportunuzu itirdiyiniz ölkənin polis orqanına müraciət edin. Polisdə sizə bu barədə arayış, protokol və yaxud digər sənəd verməlidirlər. Bəzi hallarda sizdən sizin şəxsiyyəti təsdiq edən digər adamın (sizi tanıyan) təsdiqi tələb oluna bilər. Həmin şəxs təsdiq etməlidir ki, siz məhz polis orqanına müraciət edən zaman ərizədə göstərdiyiniz həmin adamsınız. Bundan sonra siz səfirliyə yaxud konsulluğa müraciət etməlisiniz. Burada siz polisdən alınan sənədi və aşağıda göstərilən qanunlarda qeyd edilmiş digər sənədləri (fotoşəkil və s.) təqdim etməlisiz. Siz ölkəyə qayıtmaq üçün ərizə yazıb qayıdış üçün şəhadətnamə almalısınız. Burada siz rüsum ödəyəcəksiniz. Şəhadətnaməni sizə maksimum 3 gün ərzində verməlidirlər. Şəhadətnaməni alan kimi dərhal ölkəyə qayıdın, çünki şəhadətnamə müvəqqətidir. Ölkəyə qayıdıb, şəhadətnaməni ASAN xidmətə və ya müvafiq polis idarəsinin passport-qeydiyyat şöbəsinə təqdim etməklə və cərimə döməklə yeni pasport ala bilərsiniz.

Aşağıdakı qanunvericilik normaları sizdə daha ətraflı anlayış formalaşdıracaqdır:
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU”nun 3-cü maddəsinə əsasən: hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.
“Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi xarici ölkədə pasportu itmiş, oğurlanmış, yararsız hala düşmüş və ya etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşına (Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsə) və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan uşağına verilə bilən, bu şəxslərin şəxsiyyətini təsdiq edən və onlara yalnız Azərbaycan Respublikasına qayıtmaq hüququ verən rəsmi sənəddir.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini almaq üçün müraciət edən şəxs tərəfindən müvafiq zəruri sənədlər təqdim edildikdən və müvafiq ərizə-anket qeydiyyata alındığı vaxtdan sonra, şəhadətnamə ən geci 3 təqvim günü müddətində verilir.
Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən rəsmiləşdirilən qayıdış şəhadətnaməsinə 1 aydan çox olmamaq şərti ilə etibarlılıq (istifadə) müddəti müəyyən edilməlidir. Əgər Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi bu müddət ərzində istifadə olunmazsa o, qüvvədən düşür.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:
Azərbaycan Respublikasının vətəndaşları üçün:
1. 1 ədəd ərizə anket;
2. 2 ədəd rəngli foto-şəkil (3×4 sm ölçüdə);
3. dövlət rüsumunun ödənilməsi haqqında qəbz; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.1.3.-cı maddəsinə əsasən, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün dövlət rüsumu 40 (qırx) ABŞ dollarıdır. Həmin Qanunun 17.7.-ci maddəsinə əsasən, aşağıdakı kateqoriya Azərbaycan Respublikasının vətəndaşlarına qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur:
– Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan vətəndaşlar,
– pedaqoji fəaliyyət göstərən vətəndaşlar,
- xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan vətəndaşlar;
– xarici ölkələrdən deportasiya edilən vətəndaşlar.
4. Pasportu itdikdə və ya oğurlandıqda:
- Üzərində fotoşəkil olan, şəxsiyyətini və Azərbaycan Respublikasının vətəndaşlığını müəyyənləşdirən sənədlərdən birinin surəti:
- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi,
- Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet
- Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi;
- Şəxsiyyətini və Azərbaycan Respublikasının vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənəd (Üzərində fotoşəkil olmadığı üçün Azərbaycan Respublikasının doğum haqqında şəhadətnaməsi yeganə sənəd olaraq təqdim oluna bilməz).
- Pasportun itirildiyi ölkənin polis orqanı tərəfindən müvafiq pasportun itirilməsi ilə əlaqədar müraciətin edildiyini / müvafiq pasportun itirilməsi faktını təsdiq edən arayışın əsli;
- Azərbaycan Respublikasının vətəndaşının pasportunun itirilməsinə görə inzibati cərimənin ödənilməsi haqqında qəbz.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə 30 manat miqdarında cərimə edilirlər. Bu aşağıdakı qaydada və aşağıda göstərilən qurumlar tərəfindən həyata keçirilir:
- Azərbaycan Respublikasının ərazisində müvafiq icra hakimiyyəti orqanları (səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi);
- Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən ümumvətəndaş pasportunu itirən və ya qəsdən korlayan şəxslər inzibati cərimə edilməklə müvafiq qaydada məsuliyyətə cəlb edilə bilərlər.
Bundan başqa, “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə görə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında Azərbaycan Respublikasına qayıdan şəxs Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində bu şəhadətnaməni ona pasport verən Azərbaycan Respublikasının müvafiq dövlət orqanına təhvil verməlidir.

Nikah pozulduqda keçmiş ər-arvad arasında əmlak hansı qaydada bölünür?

Ər-arvad boşandıqda əgər onlar arasında nikah müqaviləsi bağlanılmayıbsa, onların nikah vaxtı əldə etdikləri əmlak Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36-cı maddəsində göstərilən qaydada bölünür.

Əvvəla onu qeyd edək ki, Ailə Məcəlləsinin 36.1.-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi yalnız nikah pozulduqda deyil, həmçinin nikah dövründə, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

Həmin Məcəllənin 36.2.-ci maddəsinə əsasən, ər-arvad ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilərlər və bu barədə notariat qaydasında təsdiq edilmiş saziş də bağlaya bilərlər.

Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3).

Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər (maddə 36.4).

Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər (maddə 36.5.).

Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir (maddə 36.6).

Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır (maddə36.7).

Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir (maddə 36.8).

Onu da nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 36.9.-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvad yalnız 3 il ərzində biri birinə qarşı əmlakının bölünməsi haqqında tələblə çıxış edə bilərlər.

Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən,  ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.2).

Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir (maddə 37.3).

 Əgər ərlə arvad arasında nikah müqaviləsi bağlanıbsa bu halda Ailə Məcəllənin 38-ci maddəsinə əsasən, onların əmlak hüquqları və vəzifələri həmin müqavilə ilə müəyyən ediləcəkdir.

Ailə Məcəlləsinin 38.3.-cü maddəsinə əsasən, nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.

Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər (maddə 38.4).

Valideynlər arasında nikah pozulduqda və valideynlər ayrı yaşadıqda birgə nikahdan olan uşaqların yaşayış yeri hansı qaydada müəyyən edilir?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4.-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

O da nəzərə alınmalıdır ki, həmin Məcəllənin 52.-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı (o cümlədən hansı valideynlə yaşayacağı ilə bağlı) öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər.

Bir şəxsin digər şəxsə verdiyi borcun geri qaytarılmadığı halda, həmin məbləğin cavabdehdən məhkəmə qaydasında tələb edilməsi nə dərəcədə perspektivlidir?

Bu gün Azərbaycanda, xüsusilə də Bakıda şifahi borc müqavilələrindən irəli gələn məhkəmə çəkişmələri xeyli saydadır. Borc verən şəxslər borc alan şəxsə etimad göstərərək, onun vicdanlılığına inanaraq müəyyən məbləğdə borc verir. Təcrübədən göründüyü kimi, heç də bütün hallarda götürülən borclar geri qaytarılmır.

     Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanılır. Tərəflərin razılaşması ilə borc müqaviləsi yazılıda bağlanıla bilər. Təbii ki, şifahi borc müqaviləsinin daha çox yaxın qohumlara, etimad qazanmış şəxslərə qarşı tətbiq edilməsi daha məqsədəuyğun olardı. Şifahi borc müqaviləsin mənfi cəhəti ondan ibarətdir ki, məhkəmədə borcun həqiqətən də verilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yəni, məhkəməyə müraciət etdikdə, borc münasibətlərinin mövcudluğunu, borc verilən məbləğin həcmini məhkəmə qarşısında sübut etmək borc verənin üzərinə düşəcək. Bu baxımdan, borc müqaviləsi yazılı və notarial qaydada təsdiqləndikdə, məhkəmə qaydasında borcun qaytarılmasını tələb etmək daha rahat olar.

     Ümumiyyətlə, borc müqaviləsi bağlamamışdan öncə, borc alanın maddi durumuna, onun əmlakının olub-olmamasına, əmək fəaliyyəti ilə məşğul olub-olmadığına, onun aylıq gəlirlərinə, şəxsiyyətinə, həyat tərzinə və digər zəruri amillərə nəzər salmaq məsləhətdir. Bəzən borc almaq niyyəti altında cinayət əməli pərdələnir və borcu götürən şəxs onu qaytarmaq niyyəti ilə götürmür, bu isə öz növbəsində cinayət məcəlləsi ilə nəzərdə tutulmuş 178-ci maddənin əlamətlərinə daha uyğundur.