• Məmmədov Hafiz

    Hüquqşunas

  • Ələkbərova Aybəniz

    Hüquqşunas

  • Əliyeva Sevinc

    Direktor

  • Günel İsmayılbəyli

    Baş Hüquqşunas

Restoranda müştəriyə təqdim edilən menyuda qiymət göstərilmirsə və yekunda müştəri təqdim edilən hesabın ona göstərilən xidmətlə açıq-aydın uyğunsuzluq təşkil etdiyini hesab edirsə, müştəri hüquqi müstəvidə nə edə bilər?

İlk oncə onu qeyd edək ki, restorana gələn istehlakçı ona təqdim edilən menyuda qiymətlərin göstərilmədiyi ilə rastlaşdıqda göstəriləcək xidmətin qiyməti barədə ona məlumat verilməsini tələb etmək hüququna malikdir.
Belə ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
Həmçinin İnzibati Xətalar Məcəlləsinin 231-1-ci maddəsinə əsasən, satılan mal (iş, xidmət) barəsində qanunla müəyyən edilmiş zəruri məlumatın istehlakçıya verilməməsinə görə vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər dörd yüz manat miqdarında cərimə edilirlər.
Qeyd edək ki, həmin Məcəlləyə əsasən, bu maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi baxır.
Daha dəqiq desək, istehlakçı ona göstəriləcək xidmət barəsində zəruri məlumatlar verilmədikdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayətlə müraciət edə bilər.
Əgər istehlakçı ona göstəriləcək xidmətin qiyməti barədə əvvəlcədən məlumat tələb etmir lakin sonradan hesab edir ki, təqdim edilən hesabda ona göstərilmiş xidmətin dəyəri açıq aydın şişirdilmişdir, o, yenə də Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət ərizəsilə müraciət edə bilər.
Belə ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 19.2.12-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını yerinə yetirən müvafiq icra hakimiyyəti orqanı satıcılar tərəfindən çəkidə, qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə yalan məlumatlar verilməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxır və şikayətlərini araşdırır, onların nəticələri üzrə müvafiq tədbirlər görür.
Həmçinin İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına görə, bu az miqdarda olduqda fiziki şəxslər altı yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.
Bu maddədə "az miqdarda olduqda" dedikdə, qırx manatadək olan məbləğ başa düşülür. 
Qeyd edək ki, aldatma az miqdardan artıq olduqda, mal satan və ya əhaliyə xidmət göstərən təşkilat, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər artıq Cinayət Məcəlləsinin 200-cü maddəsilə (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Həmçinin "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 3-cü, 12-ci və 26-cı maddələrinə əsasən, istehlakçı öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün, o cümlədən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb etmək məqsədilə məhkəməyə müraciət edə bilər.

Mağazadan alınmış məhsulda bir nöqsan çıxarsa, malı geri qaytarmaqda mağaza sahibi hər hansı məhdudiyyət tətbiq edə bilərmi ? Bu halda qanunla müəyyən olunmuş müddət nə qədərdir və bu qanun istisnasız olaraq bütün mağazalara şamil edilirmi ?

Satıcı alıcıya keyfiyyətli əşya verməyə borcludur. Əks halda alıcı öz istəyinə görə həmin  malı geri qaytarmaq və ödədiyi pulu satıcıdan geri tələb etmək hüququna malikdir. Bu halda  satıcı həmin keyfiyyətsiz malı alıcıdan qəbul etməyə və həmin mala görə ödənilən məbləği alıcıya qaytarmağa borcludur.

 

       Lakin bu məsələ ilə bağlı qanunla istisna hallar müəyyən edilmişdir.

 

Belə ki, əgər satıcı malın qüsurlarının alıcı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, bu halda malın geri qaytarılması və çəkilən xərcin ödənilməsinə dair alıcının tələbləri təmin olunmamalıdır.

Əgər satılan qüsurlu mal ərzaq məhsuludursa, həmil mal o halda geri qaytarıla bilər ki, malın qüsuru onun yararlılıq müddəti ərzində aşkar edilmiş olsun. Məhsulun yararlılıq müddəti bitdikdən sonra alıcı həmin ərzaq məhsulunu qüsurlu olması səbəbi ilə geri qaytarmaq və onun dəyərini tələb etməkdə haqlı deyildir.

        Həmçinin nəzərə alınmalıdır ki, alıcı qüsurlu malı geri qaytararkən onun məhz həmin mağazadan alındığını təsdiq edən qəbzi, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənədi mağazaya təqdim etməlidir. Əks halda mağaza həmin malın geri qaytarılması barədə alıcının tələbinə əməl etməyə bilər.

 

        Alıcı malın qüsurları ilə bağlı öz tələbini qanunla müəyyən edilmiş müddət ərzində irəli sürə bilər.

 

        Zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlara görə onun geri qaytarılması və dəyərinin ödənilməsi tələbini alıcı, həmin malın alındığı vaxtdan 2 il müddətində irəli sürə bilər.

        Zəmanət müddəti müəyyən edilmiş mallarda aşkar olunmuş qüsurlara görə isə alıcı o halda malın geri qaytarılmasını tələb edə bilər ki, həmin qüsur zəmanət müddəti ərzində aşkar edilmiş olsun.

Müqavilədə nəzərdə tutulan zəmanət müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını zəmanət müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin.