• Məmmədov Hafiz

    Hüquqşunas

  • Ələkbərova Aybəniz

    Hüquqşunas

  • Əliyeva Sevinc

    Direktor

  • Günel İsmayılbəyli

    Baş Hüquqşunas

“PSG Law” şirkəti sizin hüquqla bağlı suallarınızı cavablamağa hazırdır. Facebook səhifəmizə yazılı və ya ofis nömrələrimizə zəng edərək şifahi cavab və ya hüquqi məsləhət ala bilərsiniz. Xidmət pulsuzdur. Əlaqə üçün: www.facebook.com/psglawbaku Telefon: +994 12 5950130/31      

Hüquq münasibətlərinin əlamətləri

Hüquq münasibətləri ictimai münasibətlərin xüsusi növüdür. Bəs hüquq münasibətlərinin xarakterik əlamətləri hansılardır? Hüquq elmi və doktrinası onların bir sıra xarakterik əlamətlərini müəyyənləşdirir.

Birincisi, hüquq münasibətləri həmişə və bütün  hallarda istinasız olaraq, hüquq normaları ilə bağlı olur. Hüquq münasibətləri hüquq norması ilə  nəzərdə tutulan ictimai münasibətlərdir. Hüquq norması hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və xitamı şərtlərini nəzərdə  tutur. Göstərilən bu şərtlər normanın hipotezasında əksini tapır və onlar hüquqi faktlar adlanır. Elə burada subyektlərə aid tələb olunan əlamətlər nəzərdə tutulur, yəni hüquq münasibətlərinin iştirakçısı olmaq şərtləri (hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti şərtləri). Normanın dispozisiyasında müvafiq hüquq münasibətlərinin iştirakçılarının hüquq və vəzifələri, habelə qadağa və məhdudiyyətlər nəzərdə tutulur. Hüquq normasının sanksiyası qoruyucu hüquq münasibətlərini modelləşdirir, bu o halda baş verir ki, münasibət iştirakçıları qadağaya əməl etməsin və ya hüquqi öhdəliyi yerinə yetirməmiş olsun. Normanın həm hipotezası, həm də dispozisiyası hüquq münasibətləri ilə tənzimlənən ictimai münasibətləri nəzərdə tutur. Məsələn, oğurluğu qadağan edən cinayət hüquq normasında hüquq münasibətlərinin obyekti kimi mülkiyyət münasibətləri çıxış edir (AR CM-nin 177-ci maddəsi). Digər misal, ailə hüququnun norması valideynlərin uşağın tərbiyəsi üzrə hüquq və vəzifələrini göstərir. Bu normanın obyekti kimi valideynlərlə uşaqlar arasındakı faktiki ailə münasibətləri çıxış edir (AR Ailə Məcəlləsinin 49-cu maddəsi). Hüquq münasibətlərinin bu obyekti ümumi şəkildə ailə hüququ normasında nəzərdə tutmuşdur.

Əgər faktiki ictimai münasibətlər (məsələn, alqı-satqı, icra və s. münasibətlər) hüquq normaları əsasında qurularsa, onda bu münasibətlər hüquq münasibətləri forması alır. Bu formanı yalnız o münasibətlər alır ki, həmin münasibətlər hüquq normaları ilə nizama salınır. Hüquq norması yoxdursa, onda hüquq münasibəti də mövcud deyil. Hüquq münasibəti elə bir formadır ki, burada mücərrəd xarakterli hüquq forması konkret olaraq ifadə edilir. Lakin, heç də bütün ictimai münasibətlər hüquq normalarının köməyi ilə tənzimlənir. Bu münasibətlərin müəyyən qrupu əxlaq, adət və s. normaların vasitəsi ilə nizama salınır. Belə halda, şübhəsiz ki, hüquq münasibətlərindən danışmaq olmaz. İctimai münasibət ona görə və ya o zaman hüquq münasibəti adlanır ki, o, hüquq normaları ilə tənzimlənir. “Hüquq münasibətləri ilə hüquq norması arasındakı vacib qarşılıqlı əlaqə hər bir konkret hüquq münasibətlərinin qanunçuluq tələbi nöqteyi-nəzərdən vacib tərkib hissəsidir”[1].

İkincisi, hüquq münasibətləri hüquq normalarını realizə etdiyinə və onların tələbinə uyğun olaraq meydana gəldiyinə görə, hüquq münasibətləri həmişə iradəvi və şüurlu xarakter daşıyır. Bu onunla izah olunur ki, hüquq münasibətləri ideoloji münasibətlərin bir növüdür. İdeoloji münasibətlər həmişə iradəvi xarakter daşıyır. İdeoloji münasibət növü kimi hüquq münasibətləri insanların şüur və düşüncələrindən keçir və son məqamda başa düşülmüş, dərk edilmiş, beləliklə də, iradəvi münasibət kimi çıxış edir.

Hüquq münasibətlərinin iradəvi xarakter daşıması iki mənada başa düşülməlidir: geniş və ya obyektiv mənada; məhdud və ya subyektiv mənada. Hüquq münasibətlərinin  obyektiv və ya geniş mənada iradəvi xarakterə malik olması onu ifadə edir ki, bu münasibətlərdə dövlət iradəsi əks olunur. Belə ki, dövlət iradəsi ümümməcburi davranış qaydalarında, yəni hüquq normalarında təzahür edir. Bu normalar hüquq münasibəti iştirakçılarının hüquq və vəzifələrini tənzimləyir. Həmin normalar onlar üçün məcburi qüvvəyə malikdir. Bu normalar vasitəsi ilə də dövlət iradəsi konkret hüquq münasibətlərində öz əksini tapır. Özü də dövlət iradəsi hüquq münasibəti iştirakçılarının  iradəsindən asılı deyil. Bu mənadan və baxımdan o, obyektiv iradədir.

Hüquq münasibətlərinin məhdud və ya subyektiv mənada iradəvi xarakterə malik olması onu ifadə edir ki, bu münasibətlərdə tərəflərin (iştirakçıların) subyektiv, fərdi-şəxsi və konkret iradələri əks olunur. Hüquq normasının mövcudluğu hələ öz-özlüyündə avtomatik olaraq hüquq münasibətinin meydana gəlməsinə və sonra isə fəaliyyət göstərməsinə dəlalət etmir. Bunun üçün vacibdir ki, tərəflərdən heç olmasa biri, öz iradəsini ifadə etsin və bildirsin. K.Marksın fikrincə, forması müqavilə olan hüquq münasibətləri elə iradəvi münasibətlərdir ki, burada iqtisadi münasibətlər ifadə olunur. O göstərirdi ki, əmtəələrin mübadiləsi üzrə hüquq münasibətləri iradəvi akta əsaslanır. Bu cür münasibətlər iradəvi münasibətlərdir[2].  Hegel iradəni hüququn çıxış nöqtəsi adlandırırdı[3]. Engels belə hesab edirdi ki, insanı fəaliyyət göstərməyə vadar edən nə varsa, hamısı mütləq onun beyninə düşür və iradəsinə təsir edir. O yazırdı ki, cəmiyyət tarixində düşüncəyə və şüura malik olan, qarşılarına müəyyən məqsəd qoyan, təfərrüatına qədər düşünən və ya ehtirasla hərəkət edən insanlar fəaliyyət göstərirlər. Burada dərk edilmədən, düşünülmədən və arzu olunmadan məqsədsiz heç nə edilmir[4].

Yaranmamışdan əvvəl hüquq münasibətləri əvvəlcə tərəflərin şüurundan və iradəsindən keçir. Sonra tərəflərin iradəvi aktı nəticəsində bu münasibətlərin əmələ gəlməsinin əsası və başlanğıcı qoyulur. Deməli, hüquq münasibətləri şüurlu-iradəvi mahiyyətə malik olan hadisədir.

Bir qayda olaraq, tərəflərin iradəsi hüquq münasibətinin yaranması və həyata keçirilməsi prosesinin bütün mərhələlərində təzahür edir. Məsələn, alqı-satqı, podrat, daşıma, kirayə, icarə, borc, kredit və digər müqavilələr əsasında yaranan hüquq münasibətlərində tərəflərin iradəsi prosesin bütün mərhələlərində ifadə olunur. İctimai münasibətlərin hərəkətini ifadə edən bu cür hüquq münasibətləri mübahisəsiz olaraq həmişə iradəvi münasibətlərdir. Burada tərəflərin iradəsi hüquq münasibətinin yaranmasından bu münasibətin həyata keçirilməsi başa çatanadək bütün mərhələlərdə ifadə olunur.

Amma elə hüquq münasibətləri vardır ki, burada tərəflərin iradəsi prosesin hüquq münasibətinin yaranması kimi mərhələsində təzahür etmir. Bu cür münasibətlər tərəflərin iradəsindən asılı olmadan əmələ gəlir. İradə yalnız hüquq münasibətlərinin həyata keçirilməsi və icra mərhələsində ifadə olunur. Belə ki, tərəflərin iradələrindən asılı olmadan əmələ gələn qarşılıqlı hüquq və vəzifələr onların iradələri əsasında həyata keçirilir, icra edilir. İctimai münasibətlərin qorunmasını və möhkəmləndirməsini ifadə edən hüquq münasibətləri bu cür münasibətlərə misal ola bilər. Məsələn, vətəndaş minik avtomobilini sürərkən öz qonşusunun əmlakını zədələyərək, onu yararsız hala salır və zərər vurur. Bununla delikt öhdəliyi, yəni zərər vurmaq nəticəsində hüquq münasibəti yaranır. Bu münasibətə görə vətəndaş (zərərvuran) qonşunun (zərərçəkmişin) əmlakına vurduğu zərərin əvəzini ödəyir. Prosesin bu mərhələsində, yəni zərərin əvəzini ödəmək vəzifəsinin icrası mərhələsində artıq iradə ifadə olunur. Belə ki, vətəndaş (zərərvuran) öz vəzifəsini  başa düşərək icra edir. Baxmayaraq ki, burada  prosesin bütün mərhələlərində tərəflərin iradəsi ifadə olunmur, bu cür münasibətləri iradəvi münasibətlər hesab etmək olar.

O.S.İoffe göstərir ki, ictimai istehsal münasibətlərinin qorunmasını ifadə edən hüquq münasibətləri (məsələn, delikt öhdəlikləri və s.) qeyri-iradəvi münasibətlərdir. Müəllif bunu onunla izah edir ki, həmin münasibətlər tərəflərin iradəsindən asılı olmadan əmələ gəlir. Bundan əlavə o, göstərir ki, K.Marks yalnız müqavilə münasibətlərini iradəvi münasibətlər hesab edir. Onun fikrincə, K.Marksın sözlərindən belə nəticə çıxarmaq olmaz ki, bütün hüquq münasibətləri iradəvi münasibətdir. Fikrimizcə, O.S.İoffenin irəli sürdüyü fikir və mülahizələr, inandırıcı görünmür və o, Marksın fikrindən düzgün nəticə çıxarmamışdır. Belə ki, Marks heç bir vaxt “yalnız müqavilə münasibətlərinin (hüquq münasibətlərinin) iradəvi münasibət olması barədə” fikir söyləmir. Marks, sadəcə olaraq, həmin münasibətlərin iradəvi olmasını göstərir[5].

Üçüncüsü, hüquq münasibətləri konkret şəxslər arasında mövcud olan ikitərəfli (qarşılıqlı) münasibətlərdir. O, subyektsiz (şəxssiz) mücərrəd əlaqə deyildir. İstənilən hüquq münasibəti, heç olmazsa, iki subyekt arasında yaranır. Həmin münasibətlərdə tərəf rolunda çıxış edən subyektləri həmişə konkret olaraq müəyyən etmək mümkündür. Hətta belə onları adbaad çağırmaq da olar. Məsələn, alıqı-satqı hüquq münasibəti alıcı-satıcı, icarə hüquq münasibəti icarəyə verən –icarəçi, daşıma hüquq münasibəti daşıyıcı –yük göndərən, mülkiyyət hüquq münasibəti mülkiyyətçi - əhatə dairəsi bilinməyən  üçüncü şəxslər (“hamı və hər kəs”) və s. arasında əmələ gəlir. Özü də subyektlərdən (hüquq münasibəti iştirakçılarından) biri ya hüquqlara malik olur, digəri isə vəzifə daşıyır, ya da ki hər iki subyekt eyni vaxtda və zamanda həm hüquqlara malik olur, həm də vəzifələr daşıyırlar. Məsələn, bank əmanəti müqaviləsindən əmələ gələn hüquq münasibətində bank yalnız vəzifə (əmanəti əmanətçiyə qaytarmaq vəzifəsi) daşıyır, əmanətçi isə yalnız hüquqa (əmanətinin faizi ilə verilməsini tələb etmək hüququna) malikdir. Alqı-satqı, icarə, podrat, kirayə və s. müqavilələrdən yaranan münasibətlərdə çıxış edən tərəflər eyni vaxtda həm hüquqlara malik olur, həm də vəzifələr daşıyırlar.

Hüquq və vəzifələr hüquq münasibətlərində iştirak edən subyektləri qarşılıqlı surətdə bir-biri ilə bağlayır və əlaqələndirir. Hüquq elmi onları subyektiv hüquq və hüquqi vəzifə adlandırır. Bax, bu hüquq və vəzifələrin vasitəsi ilə hüquq münasibəti iştirakçıları arasında həmişə ikitərəfli əlaqə yaranır. Bu əlaqənin özü elə hüquq münasibəti deməkdir. Elə bir münasibət ki, bu münasibətdə iştirak edən tərəflərdən birinin malik olduğu hüquq digər tərəfin daşıdığı vəzifəyə uyğun gəlir və ya əksinə, əgər tərəflərdən biri hər hansı müəyyən hüquqa malik olarsa, onda hökmən və mütləq digər tərəfin üzərinə bu hüquqa uyğun gələn vəzifə həvalə edilir və qoyulur. Məsələn, banka əmanətə pul qoyan vətəndaş (əmanətçi) həmin pulun qaytarılmasını tələb etmək hüququna malikdir. Bankın üzərinə əmanəti qaytarmaq kimi vəzifə düşür ki, bu vəzifə vətəndaşın malik olduğu hüquqa uyğun gəlir (AR  MM-in 944-cü maddəsi).

Hüquq münasibəti həmişə ikitərəfli əlaqə deməkdir. Bu münasibətdə iştirak edən tərəflər bir-biri ilə qarşılıqlı hüquq və vəzifələrlə bağlıdır. Onların hərəkətləri əlaqələndirilir, uzlaşdırılır, idarə olunur. Göstərdiyimiz cəhət və xüsusiyyətlər digər ictimai münasibətlərdə (məsələn, siyasi, əxlaq, estetik və s. münasibətlərdə) müşahidə olunmur.

İctimai münasibətlərin digər növlərində olduğu kimi, hüquq münasibətləri də müxtəlif subyektlər - dövlət, dövlət və qeyri-hökumət təşkilatları, vətəndaşlar arasında əlaqələri təşkil edir. Lakin, digər əlaqələrdən fərqli olaraq bu əlaqə hüquqi xarakter daşıyır, hüquq normalarına əsaslandığına görə hüquqi əlaqə hesab edilir. Hüquq ictimai münasibətlərə təsir edərək insanlar arasındakı faktiki ictimai əlaqələrə hüquqi forma verir. Bu mənada hüquq münasibətləri real əlaqələrin hüquqi ifadəsidir.

Hüquq münasibətlərinin tərəfləri həmişə subyektiv hüquqlara malik olur və hüquqi öhdəliklər daşıyır. Hüquq münasibətlərinin məzmunu onun iştirakçılarının idarəsinin ifadəsi, hüquq normasının fəaliyyəti və habelə hüquqtətbiqedici orqanların müvafiq qərarları nəticəsində formalaşır. Onu da qeyd etmək lazımdır ki, hüquq münasibətlərinin meydana gəlməsi və həyata keçirilməsi üçün sadalanan bütün əsasların eyni zamanda mövcud olması mütləq deyil. Adətən hüquqi nizamasalma hüquqtətbiqedicinin müdaxiləsi olmadan baş verir. Normativ hüquqi əsas olmadıqda hüquq münasibəti qanunvericilikdəki boşluqları formalaşdırır. Əgər hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibət dispozitiv normalarla nizama salınırsa, iştirakçılar qarşılıqlı hüquq və vəzifələrin məzmununu özləri müəyyən edə bilərlər.

Tərəflərin dəqiq müəyyən olunması dərəcəsi müxtəlif ola bilər:

1)                  vəzifə daşıyan tərəfin dəqiq müəyyən edilməsi;

2)                  yalnız səlahiyyətli tərəfin dəqiq müəyyən edilməsi. Vəzifə daşıyan tərəfin müəyyən edilməməsi;

3)                  Hər iki tərəfin dəqiq müəyyən edilməsi.

Bilavasitə qanundan irəli gələn hüquq münasibətləri çox az konkretləşdirilir. Müvafiq hallarda hüquq normasının ünvanlandığı bütün şəxslər hər hansı şərtlərdən asılı olmayaraq ümumi hüquqlara malik olur və bərabər vəzifələr daşıyır. Buna ən səciyyəvi nümunə konstitusion hüquq və azadlıqlardır. Sonuncu baxış nöqteyi-nəzərindən biz ayrı-ayrı vətəndaşlara münasibətdə normativ göstərişləri hüquq münasibətləri müstəvisinə köçürürük. Hər bir vətəndaş konstitusiyanın ona verdiyi imkanlardan nə dərəcədə istifadə etməyi özü müəyyən edir.

Konkretləşdirmənin orta dərəcəsində təkcə hüquq münasibətlərinin subyekti deyil, həm də obyekti də fərdiləşdirilir. Məsələn, mülkiyyət hüquq münasibətlərində mülkiyyətçi və əşya - mülkiyyətin obyekti müəyyən olunur.

Konkretləşdirmənin ən yüksək dərəcəsi o hallarda mövcud olur ki, vəzifə  daşıyan şəxsin  məhz necə davranmalı olduğu dəqiq məlum olunur. Burada obyekt, hər iki tərəf və onlar arasındakı hüquqi əlaqənin məzmunu fərdi müəyyən olunur. Belə ki, podrat müqaviləsinə görə bir tərəf (podratçı) digər tərəfin tapşırığını yerinə yetirməli, müəyyən işi görməli və onun nəticəsini sifarişçiyə çatdırmalıdır, sifarişçi isə işin nəticəsini qəbul etməli və razılaşdırılmış muzdu ödəməlidir. (AR MM-nin 752–ci maddəsi). Digər misal, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı əşyanı qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (AR MM-in 567–ci maddəsi).

Dördüncüsü, hüquq münasibətləri həmişə fərdidir, belə ki: a) tərəflər şəxsləndirilmişdir, başqa sözlə onlar konkret hüquqi və fiziki şəxslərdir; b) onların şəxsi hüquq və  vəzifələri var; c) hüquq münasibətlərinin obyekti tərəflərin hüquq və vəzifələrinin yaranma səbəblərinə görə fərdiləşdirilir.

Beşincisi, hüquq münasibətləri mahiyyətcə elə bir ictimai münasibətləridir ki, burada subyektiv hüquqların həyata keçirilməsi və hüquqi öhdəliklərin icra edilməsi dövlət məcburetməsinin imkanları ilə təmin edilir və lazım gəldikdə isə qorunur. Əksər hallarda subyektiv hüquqların həyata keçirilməsi və hüquqi öhdəliklərin icra edilməsi dövlətin məcburiyyət tədbirləri olmadan baş tutur. Əgər buna zərurət yaranarsa maraqlı tərəf hüquqi işin baxılması, subyektiv hüquq və hüquqi öhdəliklərin dəqiq müəyyən edildiyi qərarın - hüquq tətbiqedici aktın çıxarılması üçün səlahiyyətli dövlət orqanına müraciət edə bilər[6].

İctimai münasibətlərin digər növləri, dövlət məcburetmə qüvvəsi ilə təmin edilmə xüsusiyyətindən məhrumdur. Şübhəsiz ki, dövlət hüquq münasibətlərinin hamısını qorumur və təmin etmir. Məsələn, hüquq pozuntularından əmələ gələn münasibətləri dövlət mühafizə etməkdə maraqlı deyil.

Beləliklə, göstərilən əlamətlər bizə hüquq münasibətlərini ictimai münasibətin digər növlərindən ayırmağa və fərqləndirməyə, habelə cəmiyyətin hüquqi sistemindəki rolunu dəqiq müəyyən etməyə imkan verir. Bu əlamətlər nəticəsində müəyyən olunur ki, hüquq münasibətləri ictimai münasibətlərin xüsusi növüdür.

 

 

[1] Иванова З.Д. Законность –основа правоотношений в деятельности милиции. М.,1987.с.5

[2] Маркс К., Энгельс Ф. Том 23.С.94.

[3] Гегель Г. Соч. Том VII.М.,1970. С.31

[4] Маркс К., Энгельс Ф. Том 14.С.671

[5] Иоффе О.С. Правоотношение по советскому гражданскому праву // В книге: Иоффе О.С.Гражданское право. Избранные труды. М.,2000.С.571-576

  [6] Теория государства и права. Учебник/ Под ред. проф. М. Корельского и проф. В.Д.Перевалова.М., 2000.С 350