• Məmmədov Hafiz

    Hüquqşunas

  • Ələkbərova Aybəniz

    Hüquqşunas

  • Əliyeva Sevinc

    Direktor

  • Günel İsmayılbəyli

    Baş Hüquqşunas

Etibarnamə əsasında alınmış avtomobilin sahibi gələcəkdə bununla bağlı hansı problemlərlə qarşılaşa bilər?

Hal-hazırda etibarnamə ilə avtomobil əldə etmək geniş yayılmişdır. Lakin təəssüf ki, onun arzuolunmaz nəticələri də geniş vüsət alıb. Belə ki, avtomobil etibarnamə əsasında satılsa da, həmin əmlak üzərində satıcı öz mülkiyyət hüququnu saxlamış olur. Çünki etibarnamə müqavilə deyil, birtərəfli əqd olduğu üçün tərəflər üçün heç bir hüquqi öhdəlik də yaratmır. Həm etibar edən, həm də etibar edilən istənilən vaxt ondan imtina edə bilərlər və buna görə heç bir məsuliyyət daşımırlar (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365-366-cı maddələri).

Birinci misal: A öz avtomobilini 1 illik və ya müddətsiz etibarnamə əsasında B-yə satır. Bir müddət sonra onlardan biri vəfat edir. Bu zaman həmin etibarnamə öz hüquqi qüvvəsini itirdiyi üçün avtomobili əldə edən B və ya onun qanuni varisləri həmin avtomobili öz adlarına keçirmək imkanından da məhrum olacaqlar.

İkinci misal: D öz avtomobilini 1 illik və ya müddətsiz etibarnamə əsasında C-yə satır. Bir müddət sonra D öz arvadından boşanır. Satılan avtomobilin üzərində D-nin mülkiyyət hüququ hələ də saxlandığı üçün onun həyat yoldaşı həmin avtomobilin bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə və öz pay hüququnu tanıda bilər.

Üçüncü misal: E öz avtomobilini 1 illik və ya müddətsiz etibarnamə əsasında F-ə satır. Bir müddət sonra F-ə məhkəmə icraçısından məktub gəlir ki, E-nin banka olan borcuna görə hələ də onun mülkiyyətində olan avtomobil üzərində məhkəmə tərəfindən həbs qoyulub. Buna görə də həmin avtomobil F-dən alınıb hərracda satışa çıxarılmalıdır.

Nəticə etibarılə, etibarnamə əsasında avtomobil əldə etmək hər bir halda bu cür risklərdən sığortalanmayıb. Ona görə də adi qaydada alqı-satqı müqaviləsi əsasnda əldə etmək ən hüquqi cəhətdən təhlükəsiz və rahat yoldur.

Piyada keçidi nəzərdə tutulmamış yerdə piyada öz ehtiyatsızlığı səbəbindən avtomobil tərəfindən vurulmuş və nəticədə həlak olmuşdursa, belə olan halda sürücü cinayət məsuliyyətinə cəlb edilirmi?

İlk növdəbə qeyd etmək istərdik ki, nəqliyyat vasitəsi tərəfindən piyadanın vurulması ilə bağlı cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə nəzərdə tutulub. Bəzən cəmiyyətdə belə fikirlər eşidirik ki, sürücü piyadanı vurubsa və piyada həlak olubsa – sürücü mütləq həbs olunacaq və azadlıqdan məhrumetmə cəzasına məhkum olunacaq. Yol-nəqliyyat hadisələrinin hüquqi nəticələrini bu cür ümumiləşdirmək düzgün deyil. Belə ki, sürücünün cinayət məsuliyyəti yalnız o halda yaranır ki, hadisənin baş verməsində sürücü təqsirli olsun, yəni sürücü tərəfindən yol hərəkəti qaydaları və ya nəqliyyat vasitəsinin istismarı qaydaları pozulmuş olsun. 2015-ci ilin ilk yarım ilində yol nəqliyyat hadisələri nəticəsində 118 nəfər həlak olub. Hadisələrin təhlili göstərirki, qəzalar əsasən sürücülər tərəfindən sürət həddinin aşılması, manevr qaydalarının pozulması, yolayrıcının keçmə və sair qayda pozuntuları nəticəsində baş verir. Təbii ki, hadisənin sürücünün qayda pozması nəticəsində baş verdiyi sübut edildiyi halda, o, cinayət məsuliyyətinə cəlb ediləcək. Baş vermiş hadisədə sürücünün qayda pozmaması müəyyən edildikdə isə, sürücü məsuliyyətə cəlb edilə bilməz. Yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulub-pozulmaması, sürücünün texniki cəhətdən hadisənin qarşısını almaq imkanının olub-olmaması və digər texniki məsələləri aydınlaşdırmaq məqsədi ilə müvafiq ekspertiza təyin edilir.

         Məlumat üçün qeyd etmək istərdik ki, Yol Hərəkəti Haqqında qanunun 40-cı maddəsinə əsasən, piyadalar dəmir yolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir.

Yol polisi mənim qayda pozuntumu sübut etməmiş cərimə yazarsa, nə kimi tədbir görməliyəm?

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

AR İXM-nin 8-ci maddəsinə əsasən,

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.

Inzibati məsuliyyətə cəlb edilən şəxsə, AR İXM-nin 371.1-ci maddəsinin tələblərində nəzərdə tutulmuş hüquq və vəzifələr elan olunmalıdır.

AR İXM-nin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmalıdır. Inzibati məsuliyyətə cəlb edilən şəxs iş üzrə qeyd və vəsatətlərini protokola qeyd etmək hüququna malikdir.

Əgər siz protokola öz qeydlərinizi daxil edilbsinizsə, yaxud protokolla razılaşmayıbsınızsa, o zaman protokola yol polisi idarəsində baxılıb qərar qəbul edilir.

Həmin Məcəllənin 423-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxsə elan olunur, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir, fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir, iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılması və ya işin baxılmasının başqa vaxta keçirilməsi məsələsi həll edilir, işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur, edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir.

İnzibati Xətalar Məcəlləsinin 436-cı maddəsinə əsasən bu Məcəllənin 21-ci və 367-ci maddələrində nəzərdə tutulduğu hallarda inzibati xəta üzrə qərar ləğv edilir.

430.2.3-cü və 431.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında tərtib edilmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ var.

Siz qeydiyyatda olduğunuz ünvan üzrə rayon Məhkəməsinə müraciət edə bilərsiniz.

Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.